Laboratoriyalar
Sement və beton laboratoriyaları
Norm Sement zavodunda ən yüksək standartların tələblərinə cavab verən sement və beton laboratoriyaları yaradılmış və müasir avadanlıqlarla təchiz edilmişdir.
Sement laboratoriyası
Laboratoriyamızda sementin əsas komponenti olan klinker istehsalı üçün uyğun xammal qarışımının hazırlanmasında konveyerlər üzərində avtomatik təhlil imkanına malik 2 ədəd ABŞ-ın nüfuzlu Thermo Scientific şirkətinin istehsalı olan yoxlama analizatorlarından (On-line Analyzer) istifadə olunur. Bu avadanlıqlar vasitəsi ilə istehsal prosesini 24 saat ərzində yaxından izləmək və vaxtında müdaxilə etməklə məhsulun stabilliyinin qorunması təmin edilir.
Bununla yanaşı, Hollandiyanın Pananalytical şirkətinin istehsalı olan Rentgen Flüoresan (“X-Ray Fluorescence”) avadanlığı vasitəsi ilə gün ərzində 100-ə yaxın xammal və hazır məhsul nümunəsinin kimyəvi tərkibi təhlil edilir. Xammal və istehsal olunan klinkerin kimyəvi tərkibi ilə yanaşı, mineraloji tərkibi də mütəmadi olaraq yoxlanılır. Bunun üçün Yaponiyanın MEIJI şirkətinin istehsalı olan polyarizasiya mikroskopundan istifadə olunur.
İstehsalın bəzi mərhələlərində ITECA SOCADEI (Fransa) şirkətinin istehsalı olan avtomatik nümunə alıcı sistemindən istifadə olunur. Bu cür avtomatik sistemlərin tətbiqi insana bağlı xətaları aradan qaldırmaqla yanaşı, istehsalı tam şəkildə əhatə edən nümunələrin alınmasını və avtomatik olaraq laboratoriyaya çatdırılmasını təmin edir.
Nümunə Hazırlama və Sement Məhlullarının Təhlili laboratoriyasında Avropanın və ABŞ-ın tanınmış şirkətlərinin (PANalytical (Hollandiya), SIEBTECHNIK (Almaniya), Mettler Toledo (İsveçrə), Toni Technik (Almaniya), RatioTEC (Almaniya), Memmert (Almaniya), Micromeritics (ABŞ), Retsch (Almaniya)) istehsalı olan cihazlarla 24 saat ərzində sementin bir çox fiziki və mexaniki sınaqları aparılır.
Sement laboratoriyasında aparılan sınaqların düzgünlüyü hər il iştirak etdiyimiz müxtəlif qurumlar (Türkiyə Sement İstehsalçıları Birliyi və BE-CERT (Belçika)) tərəfindən təşkil olunmuş laboratoriyalar arası sınaq proqramlarında dəyərləndirilir və nəticədə biz bu qurumlar tərəfindən seçilmiş dəqiq işləyən laboratoriyalar sırasındayıq.
Məhsullarımız həmçinin Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən müvafiq uyğunluq sertifikatı (CE Certificate) ilə təmin olunur.
Beton laboratoriyası
NORM Sement zavodunun beton laboratoriyasında qüvvədə olan müvafiq standartların (AZS – Azərbaycan, EN-Avropa, ASTM-ABŞ və QOST-Rusiya) tələbləri əsasında beton doldurucularının, kimyəvi qatqıların və fərqli tətbiq sahəsinə uyğun olan müxtəlif növ betonların sınaqları aparılır. Burada doldurucuların optimal nisbəti seçilməklə beton qarışığının tərkibi hazırlanır, həqiqi həcmi çəkisi və hava miqdarı təyin edilir və ilkin axıcılığı ölçülməklə müəyyən müddət ərzində bu axıcılığın saxlanma qabiliyyətindəki dəyişikliklər izlənir.
Sementin sulfatadavamlılıq xassəsi və beton doldurucularının qələvi-slikat reaksiyası kimi xüsusi sınaqlar da tədqiq edilir. Bundan başqa, tikinti sahəsində beton konstruksiyaları üzərində Schmidt çəkici (Proceq-İsveçrə) vasitəsi ilə betonun marka təyini sınağı aparılır.
Laboratoriyada dünyanın nüfuzlu şirkətlərinin istehsalı olan avadanlıqlardan (Elba-Werk (Almaniya), Micromeritics (ABŞ), Memmert (Almaniya), Form-Test (Almaniya), Controls Group (İtaliya), TomTom-Tools (Almaniya), Testing (Almaniya) və Plymoth (İsveç)) istifadə edilir.
Beləliklə, yüksək peşəkarlıq sayəsində yaradılmış imkanlar və ən son texnologiyaların tətbiqi yerli və beynəlxalq standartlar çərçivəsində müştərilərilərin ehtiyac və tələblərinə uyğun keyfiyyəti əldə etməyə şərait yaradır.