Xəbərlər
15 mart tarixində “Norm” ASC “Neft mənşəli tullantıların Norm Sement zavodunun soba xəttində utilizasiyası” mövzusunda ictimai dinləmə keçirib. İctimai dinləmədə Ümid qəsəbəsinin sakinləri, “SOCAR Downstream”, “Premium mining” şirkətlərinin nümayəndələri, müstəqil ekspert və digər maraqlı tərəflər iştirak edib.
Tədbir zamanı “Norm” ASC-nin ətraf mühitin qorunmasına dair dayanıqlı inkişaf siyasəti barədə ictimaiyyətə məlumat verilib və gələcək hədəflərdən danışılıb. Bu çərçivədə, Norm Sement zavodunda təbii qazdan istifadənin azaldılması məqsədilə, alternativ yanacaq kimi neft mənşəli tullantıların utilizasiyasının sınaqdan keçirilməsi və əldə olunan nəticələrlə bağlı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Maraqlı tərəflərin sualları Norm mütəxəssisləri və müstəqil ekspert tərəfindən cavablandırılıb.
Qeyd edək ki, alternativ yanacaq kimi müxtəlif növ tullantılardan istifadə etməklə, ənənəvi resurslara qənaət və emissiyaları azaltmaq şirkətin dayanıqlı inkişafla bağlı hədəfləri sırasındadır və bununla bağlı imkanlar nəzərdən keçirilir. Təbii resurslardan səmərəli istifadənin təmin olunması məqsədilə, zavodda istehsalat və dağ-mədən hasilatı tullantılarından uzun müddətdir ki, istifadə olunur.