Xəbərlər
Norm Sement zavodunda təşkil olunan 7-ci ödənişli “Yay təcrübə proqramı” başa çatıb. Proqram çərçivəsində “Norm” ASC-də təcrübə keçmək istəyən 1500-dən çox tələbə şirkətə müraciət edib. 32 nəfər bütün müsabiqə mərhələlərini uğurla keçib və 2 aydan artıq müddət ərzində şirkətin müxtəlif şöbələrində təcrübə keçmək şansı qazanıb.
Proqram boyunca şirkət mütəxəssisləri tərəfindən tələbələrin bilik və bacarıqların inkişafını dəstəkləmək məqsədilə onlara müxtəlif təlimlər keçilib, “NEQSOL Academy” və “LinkedIn learning” platformalarından istifadə imkanları yaradılıb. Gənclər nəzəri biliklərə yiyələnməklə yanaşı, şirkətdə iş təcrübəsi də əldə ediblər. Proqramın sonunda tələbələrə “Yay təcrübə proqramı”nı uğurla tamamladıqlarına dair sertifikat verilib.
Qeyd edək ki, gənclərin inkişafına və gələcək karyeralarına dəstək, xüsusilə sənaye ixtisasları üzrə təhsil alan tələbələrin gənc kadr kimi yetişdirilməsi şirkət üçün prioritetlərdən biridir. Bu məqsədlə “Norm” ASC son iki il ərzində ali və peşə təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, tələbələrin inkişafını dəstəkləyən çoxsaylı layihələrdə yaxından iştirak edir.
İlin sonuna qədər şirkət tərəfindən tələbələr üçün müxtəlif yeni təlim və seminarların təşkil olunması planlaşdırılır.