Xəbərlər
Artıq 100 ilə yaxın müddətdir ki, dünyanın müxtəlif ölkələrində çoxsaylı mütəxəssislərin iştirakı ilə Beynəlxalq Sement Kimyası Konqresi (ICCC) keçirilməkdədir. Konqres sement tərkibi və beton texnologiyaları üzrə beynəlxalq sferada tanınmış şirkətlərin bir araya gəlməsi və yaxından əməkdaşlıq etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Dörd ildən bir keçirilən tədbirdə dünyanın bir çox ölkələrindən gələn peşəkarlar, sement və beton ekspertləri iştirak edirlər.
Cari ilin 13-16 oktyabr tarixlərində, Çinin Pekin şəhərində “istehsalı zamanı havaya daha az karbon qazı (CO2) buraxılan sement və dünyanın yaşıllaşdırılması” mövzusunda 14-cü Beynəlxalq Sement Kimyası Konqresi baş tutmuş, konqresə tanınmış ekspertlər, peşəkar sement tədqiqatçıları dəvət edilmişdir. Konqresin müzakirə predmetinə həmçinin sementin əsas komponenti olan klinkerin kimyəvi tərkibi, portlandsementin hidratasiyası, betonun möhkəmliyi, müasir standartları və digər mövzular daxil edilmişdir.
Dünyanın sənaye mərkəzlərindən olan Çində keçirilmiş 14-cü Beynəlxalq Sement Kongresində bir çox dövlətlərin nümayəndələrinin iştirakı ilə sement və beton sahəsində bir ilkə imza atılmışdır. Belə ki, Asiyada yerləşən tanınmış şirkətlərin rəhbərlərinin iştirakı ilə yeni qurumun - Asiya Sement və Beton Tədqiqatları Assosasiyasının (ACCRA) təməli qoyulmuşdur. Qurumun yaradılmasında əsas məqsəd Asiya ölkələrindən olan mütəxəsislərin iştirakı ilə sement və beton sahəsində əldə edilən yeniliklərin qarşılıqlı mübadiləsi, bir çox mövzu və məsələlərin müzakirəsi üçün vahid platformanın təşkilindən ibarətdir. Yeni təsis edilmiş ACCRA-nın nizamnaməsinə müvafiq dəyişikliklər isə üzv dövlətlərdən - Azərbaycan, Çin, Hindistan, Monqolustan, Sinqavur, Vyetnam və Yaponiyadan gəlmiş tədbir iştirakçılarının rəy və təklifləri əsasında ediləcəkdir. Tədbirdə ölkəmizi Cənubi Qafqazın ən böyük sement istehsalçısı olan NORM Sement təmsil etmişdir. Ölkənin qeyri-neft sektorunun inkişafında əvəzsiz rolu olan NORM Sement zavodunun ərazisində ən sərt ekoloji standartlara riayət olunur, istehsal prosesində xammal tullantıları yenidən istifadə edilir və ətraf mühitin tarazlığının qorunmasına ciddi nəzarət olunur. Müəssisəyə keyfiyyətə nəzarət, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi üzrə DNV GL tərəfindən təqdim edilmiş ISO 9001, ISO 14001 və OHSAS 18001 sertifikatları bunun əyanı sübutudur.