Xəbərlər
NORM şirkəti sement və beton istehsalı sahəsində beynəlxalq arenada böyük nüfuza malik şirkət və qurumlarla sıx əməkdaşlıq edir, həmçinin beynəlxalq təbdirlərdə yüksək səviyyədə təmsil olunur. Belə ki şirkət daim öz əməkdaşlarının dünyanın müxtəlif ölkələrində keçirilən seminar, təlim və konfranslarda iştirakına, bununla da onların peşəkar mütəxəssis kimi yetişməsinə bilavasitə şərait yaradır.
2015-ci il ərzində bir sıra beynəlxalq tədbir keçirildi ki, bunlardan biri də sement və beton sahəsi üzrə dünyanın ən əhəmiyyətli tədbirlərindən biri hesab olunan 17-ci Avropa Hazır Beton Birliyi Konqresi (ERMCO) konqresi idi. Konqres 4-5 iyun tarixlərində, Türkiyə Hazır Beton Birliyi (THBB) qurumunun dəstəyi ilə İstanbul şəhərində baş tutdu. Dünyanın bir çox ölkələrindən 400-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə betonun insan həyatında rolu, əhəmiyyəti kimi məsələlər, betonla bağlı yeniliklər müzakirə olundu. Həmçinin, tədbirdə iştirakçılara beton analizi və istehsalı üçün nəzərdə tutulan bir çox avadanlıq və qurğuların sərgisini ziyarət etmək imkanı verildi. Konqresdə NORM şirkətini Texniki Satış şöbəsinin beton üzrə texniki məsləhətçisi - Fikrət Bayramov təmsil etdi.
NORM əməkdaşlarının cari ildə iştirak etdikləri tədbirlərdən digəri isə 21-23 sentyabr tarixlərində tanınmış Fives Pillard şirkətinin təşkilatçılığı ilə Fransanın Marsel şəhərində keçirilmiş “Fives Pillard – 2015” texniki seminarı idi. Seminarın əsas mövzularına sement istehsalında istifadə olunan yanacaq növlərinin yanma xüsusiyyətləri, yanma prosesinin optimizasıyası kimi məsələlər daxil idi. Tədbirdə NORM şirkətini İstehsalat və Texniki Təmir şöbəsinin əməkdaşları (Mehdi Babayev, Vahid Novruzov) təmsil edirdilər.
Bu ilin ən yaddaqalan tədbirlərindən biri 11-12 noyabr tarixlərində, Almaniyanın Veymar (Weimar) şəhərində aparıcı elmi araşdırma mərkəzi olan Veymar İnşaat Tədqiqatları İnstitutu (Weimar Applied Construction Research Institute) tərəfindən keçirilmiş 22-ci Beynəlxalq IFF Konfransı oldu. Veymar İnşaat Tədqiqatları İnstitutu (Weimar Applied Construction Research Institute) inşaat materialları, istehsal texnologiyası və təkrar istehsal prosesi sahəsində Avropanın ən qabaqcıl elmi mərkəzlərindən biridir. Beləliklə, 300-dən çox mütəxəssisin iştirak etdiyi bu tədbirə ilk dəfə olaraq Azərbaycandan da nümayəndələr qatıldı. Tədbirdə ölkəmizi NORM şirkətinin Texniki Satış şöbəsinin əməkdaşları (Fuad Məmmədov, Tural Əhmədov) və Fövqəladə Hallar Nazirliyinin (FHN) Beton - Dəmir Beton laboratoriyasının müdiri Malik Mirzəyev təmsil etdi. Tədbirin keçirilməsində əsas məqsəd müasir innovasiyaların tikinti sənayesində tətbiqi, həmçinin bu sahədə geniş təcrübəyə malik olan şirkətlərin, elm adamlarının əldə etdiyi nailiyyətləri paylaşmaq, eləcə də şirkətlərarası elm və təcrübə mübadiləsini inkişaf etdirməkdən ibarət idi. Görüş zamanı NORM Sement zavodunun təşkilata üzvlük məsələləri müzakirə edildi, o cümlədən əldə ediləcək əməkdaşlıq sayəsində Azərbaycanda tikinti materialları istehsalı sektorunda Avropa təcrübəsindən yararlanaraq yeniliklərin tətbiqi barədə müvafiq danışıqlar aparıldı.
Tədbirlərdən çəkilmiş şəkilləri aşağıda görə bilərsiniz.