Xəbərlər
NORM SEMENT ÖTƏN İLİ UĞURLA BAŞA VURDU.
Yola saldığımız il Norm Sement ilk uğurlarına imza atdı. Zavodun açılış mərasimində ölkə prezidenti cənab İlham Əliyev müəssisənin istismara verilməsini ölkəmizin həyatında çox əlamətdar bir hadisə kimi qiymətləndirdi. İstismara verildiyi 6 ay ərzində zavodda istehsal layihə gücünə çatdırıldı. Hazırda soba xəttində gündə 5 min ton klinker istehsal olunur ki, bu da cari il ərzində 2 milyon ton sementin istehsalına zəmanət verir.
Zavodun məhsulları bazara daxil olduğu qısa müddət ərzində istehlakçıların rəğbətini qazanıb. Norm Sement artıq bütün ölkədə tanınır və tikintinin müxtəlif sahələrində və fərqli layihələrdə geniş istifadə olunur.
Hazırkı mərhələdə məhsul çeşidlərinin artırılması üzərində intensiv işlər aparılır. Bununla əlaqədar olaraq zavod ərazisində sement silolarının sayının artırılması nəzərdə tutulub. Hal hazırda 15 min ton tutumu olan 6 seksiyalı yeni sement silosunun tikintisinə başlanmışdır. Bu il ərzində 6 çeşiddə sement satışa buraxılacaq. Yeni çeşidlərin istehsalı üzrə sınaqlar uğurla başa çatdırılıb və yüksək laborator nəticələr əldə edilib. Sahil boyu ərazilərdə və şoran torpaqlarda aparılan tikinti işlərində yüksək tələbatla əlaqədar olaraq istehsal olunan sement markalarına hal-hazırda sulfatadavamlı sement də əlavə olunub.
Qeyd etmək lazımdır ki, işçilərin sağlamlığının və həyatının təhlükəsizliyini tam təmin etmək məqsədilə Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi üzrə şirkət siyasətinə ciddi əməl edilir. Hazırda əməyin təhlükəsizliyi üzrə beynəlxalq OHSAS 18001 sertifikatının əldə edilməsi üçün zəruri prosedurlar artıq başa çatdırılmışdır. Sağlamlıq və təhlükəsizlik proqramının səmərəli sürətdə həyata keçirilməsi üçün bütün səviyyələrdə məsuliyyət və cavabdehliklər müəyyən olunmuş və müvafiq idarəetmə və əlaqələndirmə təmin edilmişdir. Bunun nəticəsi kimi cənubi Qafqazın ən böyük sement zavodu olan bu sənaye müəssisəsinin tikintisi zamanı bir dəfə də olsun bədbəxt hadisə baş verməmişdir.
Bu il neft sənayesində istifadə olunan yüksək keyfiyyətli quyu-tamponaj sementinin istehsalı planlaşdırılır. Hazırda bu sement markası ölkəmizə əsas etibarilə Avropa ölkələrindən idxal edilir. Bu sementə qonşu ölkələrdə də tələbat vardır. Dərin sularda neft quyularının qazılması və istismarı zamanı quyu-tamponaj sementindən istifadə olunur. Bu günə qədər Xəzər bölgəsində istehsal edilməyən, API (Amerika Neft İnstitutu) standartlarına uyğun quyu sementinin istehsalı Azərbaycanı bölgənin neft hasilatçıları üçün sement ixracatçısına çevirəcəkdir.
Sement sənayesi tarixində gənc olan Norm Sement ölkəmizdə yeni biznes modelini bərqərar edəcək və yerli investisiyaların artım və inkişafa təkan verdiyini nümayiş etdirərək regionun aparıcı sənaye müəssisəsinə çevriləcəkdir.