Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
19.06.2026
Təhsildə Keyfiyyət Təminatı
Agentliyi (TKTA) və “Norm” ASC-nin tərəfdaşlığı çərçivəsində qeyri-formal və
informal təhsilin tanınması istiqamətində “İnşaat ustası” peşə ixtisası üzrə
qiymətləndirmənin ikinci mərhələsi başa çatıb.
İyunun 8, 9 və 10-da
keçirilən praktik imtahanlarda nəzəri mərhələni uğurla başa vurmuş 24 usta
iştirak edib. Qiymətləndirmə prosesində ustalar peşə standartlarına müvafiq
modullar üzrə tapşırıqları yerinə yetiriblər. Təhsildə Keyfiyyət Təminatı
Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin, eləcə də Norm Ustalar Klubunun nümayəndələrinin təmsil olunduğu komissiyanın
yekun rəyi əsasında 24 iştirakçının hamısının nəticəsi məqbul hesab olunub.
Növbəti mərhələdə ustalar Nazirlər
Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş
qaydalara uyğun olaraq peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verən
sənəd əldə edəcəklər.
“Norm” ASC ilə TKTA arasında
imzalanmış Anlaşma Memorandumuna əsasən ustaların bilik və bacarıqlarının qiymətləndirilməsi
layihələrinə 2024-cü ildə start verilib. İlk layihədə 21 usta peşə ixtisasını təsdiq
edən rəsmi sənəd əldə etmişdi.
“Norm” ASC peşəkar ustaların
inkişafına şərait yaratmaqla, onların əmək bazarında rəqabət qabiliyyətinin
artırılmasına, eləcə də tikinti sektorunda peşəkarlıq və keyfiyyət
standartlarının yüksəldilməsinə dəstək göstərir. İxtisaslı ustaların sayının
artması isə öz növbəsində daha keyfiyyətli, təhlükəsiz və etibarlı tikinti işlərinin
həyata keçirilməsinə, ölkənin tikinti sektorunun inkişafına və cəmiyyət üçün
dayanıqlı infrastrukturun formalaşmasına mühüm töhfə verir. Bu layihə bir daha
göstərir ki, şirkət cəmiyyətin inkişafına sosial məsuliyyət layihələri ilə töhfə
verməyi korporativ dəyərlərinin ayrılmaz hissəsi hesab edir və bu dəyərləri
uzunmüddətli təsir yaradan təşəbbüslərlə dəstəkləyir.