Norm Ustalar Klubunun üzvləri “İnşaat ustası” sertifikatı ilə təltif ediliblər
27.07.2026
Norm Ustalar Klubu üzvlərinin Təhsildə
Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təltifetməsi həyata keçirilib.
Tədbirdə qeyri-formal və informal
təhsilin tanınması üzrə imtahanlara cəlb olunan və hər iki mərhələni uğurla
tamamlayan 24 ustaya “İnşaat ustası” ixtisasını təsdiq edən sertifikatlar təqdim
olunub. Sertifikatların təqdimetmə mərasimi Təhsildə Keyfiyyət Təminatı
Agentliyinin inzibati binasında keçirilib və tədbirdə agentliyin idarə heyətinin
sədri Tural Əhmədov və Norm şirkətinin Maliyyə və strategiya üzrə baş icraçı direktorunun
müavini Elvin Mirzəyev də iştirak ediblər.
Çıxışlar zamanı TKTA ilə Norm
arasında imzalanmış Əməkdaşlıq Memorandumunun uğurla icra olunduğu, əməkdaşlığın
ildən-ilə genişləndiyi vurğulanıb. Qeyd edilib ki, artıq ikinci dəfə təşkil
olunan sertifikatlaşdırma prosesi və bu il daha çox ustanın proqrama cəlb edilməsi
tərəfdaşlığın davamlı inkişafının göstəricisidir.
Tədbirdə qeyri-formal və informal
təhsilin tanınmasının peşəkar bacarıqların rəsmi şəkildə təsdiqlənməsindəki
rolu, bu istiqamətdə ölkədə həyata keçirilən işlər və beynəlxalq təcrübə barədə
ətraflı məlumat verilib. Daha sonra ustaların sualları cavablandırılıb, fikir
mübadiləsi aparılıb və mərasimin sonunda sertifikatlar sahiblərinə təqdim
edilib.
Norm və Təhsildə Keyfiyyət Təminatı
Agentliyi arasında əməkdaşlığın gələcək dövrdə də genişləndirilməsi və müxtəlif
istiqamətlərdə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.