Norm “4Sİ Akademiyası – Milli Proqram”ın yeni mərhələsinin tərəfdaşıdır
23.07.2026
“Norm” ASC İqtisadiyyat
Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi
(4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət
Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən “4Sİ
Akademiyası – Milli Proqram”ın yeni mərhələsinə tərəfdaş olaraq qoşulub.
Şirkət korporativ sosial məsuliyyət
strategiyası çərçivəsində bu təşəbbüsə qoşulmaqla, ölkəmizdə təhsilin
inkişafına, insan kapitalının gücləndirilməsinə, rəqəmsal bacarıqların
artırılmasına və gələcəyin peşələrinin tələblərinə uyğun səriştələrin
formalaşdırılmasına dəstəyini ifadə edib.
Proqram çərçivəsində Azərbaycan vətəndaşlarına
21 000 ödənişsiz onlayn təlim imkanı təqdim olunur. Təlimlər dünyanın 375-dən
çox nüfuzlu universiteti və texnologiya şirkəti tərəfindən hazırlanıb. Bu tərəfdaşlar
sırasında Stanford, Oksford, Yel, Dyuk, Miçiqan və London universitetləri ilə
yanaşı, “Google”, IBM, “Microsoft”, “Meta”, “Amazon Web Services” və
“DeepLearning.AI” kimi qlobal texnologiya liderləri də yer alır.
Qeyd edək ki, dayanıqlı inkişaf məqsədlərinə
müvafiq olaraq, cəmiyyət üçün uzunmüddətli dəyər yaradan layihələrin həyata
keçirilməsi və dəstəklənməsi Norm-un korporativ sosial məsuliyyət
strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət məsuliyyətli biznes
prinsiplərinə sadiq qalaraq, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən təşəbbüslərə
xüsusi önəm verir. Bu çərçivədə, müxtəlif təhsilyönümlü layihələrdə iştirak edərək,
gələcək ixtisaslı kadr potensialının formalaşmasına, gənclərin bilik və
bacarıqlarının inkişafına, rəqəmsal səriştələrinin artırılmasına və onların dəyişən
əmək bazarının tələblərinə uyğunlaşmasına dəstək göstərir.