NormNormNormNormNormNorm
/

İstehsal

 

Zavodun konsepsiyası işlənib hazırlanarkən onun uzun illər boyu məhsuldar və səmərəli istismarını təmin etmək üçün bü günkü gündə ən müasir avadanlıqlar və texnologiyalara müraciət edilmişdir. Dünya miqyasında zəngin təcrübəyə malik olan mütəxəssislər və məsləhətçilərin iştirakı ilə bu sahədə ən son innovasiyalar araşdırılmışdır. Mühəndis-layihələndirmə işləri nəticəsində zavodun iqtisadi səmərəliliyi təsdiqlənmişdir. Zavodun istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edir. Bundan əlavə neft sənayesi üçün Azərbaycanda indiyədək istehsal olunmayan və xaricdən idxal olunan API standartlarına uyğun quyu-tamponaj sementi istehsal ediləcəkdir.

Zavodun əsas texnoloji avadanlıqları Almaniya, Fransa, Hollandiya və Avropanın digər ölkələrinin ən qabaqcıl şirkətləri tərəfindən təchiz edilmişdir. İstehsal xəttində HAZEMAG (Almaniya) şirkətinin istehsalı olan qırıcı qurğu, şaquli xammal dəyirmanı Gebr. Pfeiffer SE (Almaniya), odluq Pillard (Fransa), soyuducu Claudius Peters Ltd (Almaniya) quraşdırılmışdır. Orta gərginlikli elektrik mühərrikləri və avtomatları Siemens, qablaşdırma qurğusu Haver & Boecker (Almaniya), rentgenoqrafik analiz qurğusu Phillips (Hollandiya) şirkətləri tərəfindən təchiz edilmişdir. Bu müasir avadanlıq və texnologiyalar zavodun yüksək məhsuldarlığını və rəvan istismarını təmin etməklə yanaşı Avropanın ən sərt ekoloji standartlarına cavab verir.

Zavodda “quru üsul” texnologiyasından istifadə edilir. Sement istehsalında bu müasir texnologiyanın üstünlüyü ondan ibarətdir ki, məhsulun yüksək keyfiyyəti təmin edilir, nəm üsul ilə müqayisədə xammalın üyüdülməsində suya ehtiyac yoxdur və demək olar ki, iki dəfəyə yaxın az yanacaq istifadə edilir. Bundan əlavə bu üsul sobadan çıxan qazların və tozun həcminin kəskin azalmasını təmin edir ki, bu da öz növbəsində sobanın məhsuldarlığını artırır. Xammalın üyüdülməsi üçün zavodda qurutma və üyütmə məhsuldarlığı yüksək olan, enerjiyə maksimum qənaət edən şaquli vallı dəyirman quraşdırılmışdır. Dəyirman enerjiyə qənaət edən yeni nəsil separatorla təchiz edilmişdir. Zavodda ölkədə ilk dəfə olaraq “baypas” sistemi quraşdırılmışdır ki, bu da sabit və yüksək keyfiyyətli sement istehsalına zəmanət verir. İstehsal xətti boyu müasir toz filtrləri quraşdırılıb və havanın keyfiyyəti ən sərt standartlara uyğun olaraq bütün toz mənbələrində quraşdırılmış xüsusi optik ölçmə cihazları vasitəsilə mütəmadi nəzarətdə saxlanır. Sobadan və xammal dəyirmanından atmosferə atılan qazların miqdarının daimi monitorinqi həyata keçirilir.

Əsas istehsal nöqtələrində quraşdırılmış kameralar vasitəsilə bütün prosesə mərkəzdən nəzarət olunur. İstehsal xətti boyu səsboğucuların tətbiqi və işıqlandırıcı cihazların örtüklə təmin edilməsi səs və işıq kimi təsirlərin qarşısının alınmasını və ya müvəqqəti və lokal xarakter kəsb etməsini təmin edir. Texnoloji avadanlıqların soyudulması üçün istifadə edilən texniki su zavodda quraşdırılmış sutəmizləyici qurğularda təmizlənərək təkrar istifadə olunur ki, bu da suya qənaəti təmin edir.

Hal hazırda üç çeşiddə – CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P42,5 R – sement istehsal olunur. Zavodda tikinti və montaj işləri artıq başa çatdırılmış, klinker sobası işə salınmışdır. İlkin sementin istehsalına isə ötən sentyabr ayında başlanılmışdır. Cari ilin sonuna doğru çeşidlərin sayının artırılması və zavodun tam gücü ilə istismarına nail olunması nəzərdə tutulur.


SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ